Əlixan Musayev:
Onu alan misirli öz arvadına: “Ona yaxşı bax. Ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa götürək”– dedi. Beləliklə, Yusufu yer üzündə yerləşdirdik və ona yuxuları yozmağı öyrətdik. Allah Öz işini qələbə ilə başa çatdırandır. Lakin insanların çoxu (bunu) bilmir.
Bünyadov-Məmmədəliyev:
(Yusifi) Misirdə satın alan (padşahın Əziz ləqəbli vəziri Qitfir) öz zövcəsinə belə dedi: “Ona hörmət et (yaxşı bax). Ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa götürək!” Beləliklə, Yusifi o yerdə (Misirdə) yerləşdirdik, həm də ona yuxu yozmağı öyrətdik. Allah Öz işində (əmrində) qalibdir (istədiyini edəndir), lakin insanların əksəriyyəti (bunu) bilməz!
Elmir Quliyev
:
Тот житель Египта, который купил Йусуфа (Иосифа), сказал своей жене: "Относись к нему хорошо. Быть может, он принесет нам пользу, или же мы усыновим его". Так Мы утвердили Йусуфа (Иосифа) на земле и научили его толкованию снов. Аллах властен вершить Свои дела, однако большинство людей не ведает об этом.
Ələddin Sultanov:
Yusifi Misirdə satın alan şəxs zövcəsinə dedi: “Ona yaxşı bax! Ola bilsin ki, bizə faydası olar, yaxud onu oğulluğa götürərik”. Beləcə, Yusifi o yerdə (Misirdə) yerləşdirdik və ona yuxuların yozumunu öyrətdik. Allah Öz işini gerçəkləşdirməyə qadirdir, lakin insanların çoxu (bunu) bilməz. (Təfsirlərdə qeyd edilən rəvayətlərə görə, Həzrət Yusifi öz himayəsinə götürən şəxs Misirin maliyyə naziri idi. O, Yusifin zəkasını və qabiliyyətini sezmiş və buna görə də gələcəkdə ondan istifadə edə biləcəyini düşünmüşdü. Həmçinin uşaqları olmadığı üçün Yusifi övladlığa götürmək fikrində idi.)
Kerbelayi Malik ağa:
Misirdə onu satın alan adam xanımına belə dedi: ‘Onun yerləşəcəyi yeri yaxşı hazırla (ona qarşı kərim ol). Bəlkə bizə faydası olar və ya bəlkə də onu övladlığa götürərik.’ Beləcə ona hədislərin (hadisələrin, sözlərin) təvilini (yozumunu) öyrədək deyə Yusifi yer üzündə yerləşdirdik. Allah əmrində qalib olandır. Lakin insanların çoxu bilməzlər.
Ələsgər Musayev:
Onu Misirdə satın alan öz arvadına
dedi: «Ona yaxşı bax, ola ki, bizə xeyir gətirə, ya onu özümüzə
övlad edək». Beləliklə Biz Yusifə ərzdə imkanat verdik və
öyrətdik ona hədislərin təvilini. Allah Öz işinə Qalibdir və
lakin insanların əksəriyyəti bilmir!
A.Mehdiyev və D.Cəfərli:
Onu almış misirli şəxs öz zövcəsinə dedi: «Onunla hörmətlə davran, bəlkə bizə bir xeyir verdi, ya onu övladlığa götürdük.» Və beləcə Biz Yusufa həmin diyarda imkan və məqam verdik. (Əlbəttə, hikmətlər və məsləhətlər əsasında belə etdik) və (həm də) ona görə ki, ona hədislərin yozumunu (mələklərin danışığı olan yuxuların yozumunu və peyğəmbərlərin hədislərinin mənalarını) öyrədək. Allah (varlıq aləminin idarə olunmasında) Öz işinə qalibdir və lakin insanların çoxu bilmirlər.
Kövsər Tağıyev:
Onu satın alan misirli şəxs xanımına dedi ki: “Ona yaxşı bax. Bəlkə bizə xeyri dəyər və ya onu övladlığa götürərik”. Beləliklə, biz Yusufu o yerə (Misirə) yerləşdirdik və ona (yuxudakı) hadisələrin yozumunu öyrədək deyə belə etdik. Allah öz işində qalibdir, lakin insanların çoxu bunu bilməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Onu satın alan bir misirli öz arvadına dedi: "Ona yaxşı bax, bəlkə bizə bir xeyri dəyə və ya biz onu oğulluğa götürək". Beləcə Yusufu bu yerdə yerləşdirdik və ona yuxuları yozmağı öyrətdik. Axı Allah Öz işini zəfərlə başa vurandır! Lakin insanların çoxu bunu bilmir.
Sabirə Dünyamalıyeva:
Və onu alan misirli kişi, arvadına: "Onunla hörmətlə rəftar et. Bizə faydalı ola bilər, yaxud da onu övladlığa götürərik" dedi. Və Biz, Yusifi beləliklə yer üstündə yerləşdirdik... Və ona hadisələrin/sözlərin ilk mənalarının nə olduğuna dair elmləri öyrədək deyə... Və Allah, Öz əmrində [işində] qalibdir. Lakin insanların çoxu bunu bilmir.