Yunus Surəsi 23. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Allah) onları xilas etdikdə isə dərhal haqsız olaraq yer üzündə azğınlıq edərlər. Ey insanlar! Azğınlığınız yalnız sizin öz əleyhinizədir. (Bunlar) dünya həyatının keçici zövqləridir. Sonra isə dönüşünüz Bizə olacaq, Biz etdikləriniz barədə sizə xəbər verəcəyik.
Bünyadov-Məmmədəliyev:
Onları xilas edincə yer üzündə haqsız yerə zülm etməyə, azğınlığa başlayarlar. Ey insanlar! Etdiyiniz zülm, haqsızlıq fani dünya malı kimi öz əleyhinizədir. Sonra hüzurumuza qayıdacaqsınız, Biz etdiklərinizi sizə xəbər verəcəyik.
Elmir Quliyev :
Когда же Он спасает их, они бесчинствуют на земле без всякого права на то. О люди! Ваши бесчинства обернутся против вас самих. Это преходящее наслаждение мирской жизнью. Потом Вы возвратитесь к Нам, и Мы поведаем вам о том, что вы совершали.
Ələddin Sultanov:
Ancaq onları xilas etdiyi zaman bir görərsən ki, onlar yer üzündə haqsız yerə azğınlıq edirlər. Ey insanlar! Dünya həyatının fani zövqü olan azğınlığınız yalnız öz əleyhinizədir. Sonra dönüşünüz Bizədir. Biz etdiyiniz əməlləri sizə xəbər verəcəyik.
Kerbelayi Malik ağa:
Lakin onları qurtarınca, (o zaman) onlar yer üzündə haqsız yerə azğınlıq edərlər. Ey insanlar! Sizin azğınlığınız sizin özünüzədir, dünya həyatının mətasıdır (mənfəətidir), sonra dönüşünüz Bizədir. O zaman etdiklərinizi sizə xəbər verəcəyik.
Ələsgər Musayev:
Amma elə ki, onlara nicat verdik, onda ərzdə haqsız zülm edirlər. Ay insanlar! Bundan qeyri deyil ki, dünya həyatının malına görə özünüzə zülm edirsiniz. Sonra Bizə tərəf qayıdacaqsınız xəbər verərik sizə ilə ki, oldunuz əməllilər.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə onlara nicat verən kimi birdən (görərsən ki,) yer üzündə haqsız yerə zülm edirlər! Ey insanlar, şübhəsiz, sizin zülmləriniz öz ziyanınızadır. Dünya həyatından (azacıq) bir bəhrə əldə edirsiniz, sonra dönüşünüz Bizə tərəfdir. Beləliklə sizi əməllərinizdən xəbərdar edəcəyik.
Kövsər Tağıyev:
Lakin onları xilas edincə bir görərsən ki, yer üzündə haqsız yerə azğınlıq edirlər. Ey insanlar! Sizin azğınlığınız məhz öz əleyhinizədir. (Bununla) ancaq dünya həyatının mənfəətini əldə edərsiniz. Sonra qayıdışınız bizədir. (Biz də) bütün etdiklərinizi sizə xəbər verəcəyik.
M.Qənioğlu və T.Bilaloğlu:
O, onları xilas etdikdə isə, onlar dərhal haqsız olaraq yer üzündə azğınlıq törədərlər. Ey insanlar! Sizin azğınlığınız bu dünya həyatının ləzzəti kimi əleyhinizədir. Sonra siz Bizə qayıdacaqsınız Biz etdiklərinizdən sizə xəbər verəcəyik.
Sabirə Dünyamalıyeva:
Sonra Biz onları oradan xilas edərik, xilas olan kimi yer üzündə haqsız yerə azğınlıq edərlər. -Ey insanlar, azğınlığınız, bu bəsit dünya həyatının bir qazancı olaraq sırf sizin öz zərərinizədir. Sonra isə dönüşünüz ancaq Bizədir. Sonra Biz, etdiklərinizi sizə xəbər verəcəyik.-