Nəhl Surəsi 101. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Biz bir ayəni başqa bir ayə ilə əvəz etdikdə onlar: “Sən ancaq bir iftiraçısan!”– deyirlər. Halbuki Allah nazil etdiyini daha yaxşı bilir. Xeyr! Onların çoxu bunu bilmir.
Bünyadov-Məmmədəliyev:
Biz bir ayənin yerinə digər bir ayəni gətirdikdə (bir ayənin hökmünü ləğv edib onu başqası ilə əvəz etdikdə) Allah nazil etdiyini (hansı hökmün bəndələri üçün daha münasib olduğunu) Özü daha yaxşı bilir (Kafirlər Muhəmmədə): “Sən ancaq bir iftiraçısan (Allahın adından yalan uydurursan!)” deyərlər. Xeyr! Onların əksəriyyəti (cahil olduğu üçün əsl həqiqəti, bir hökmü başqası ilə əvəz etməyin hikmətini) bilməz!
Elmir Quliyev :
Когда Мы заменяем один аят другим, они говорят: "Воистину, ты лжец". Аллаху лучше знать то, что Он ниспосылает. Но большая часть их не знает этого.
Ələddin Sultanov:
Biz bir ayənin yerinə başqa bir ayə gətirdiyimiz zaman - Allah nazil etdiyini yaxşı bilir - onlar: “Sən ancaq bir iftiraçısan”, dedilər. Xeyr! Onların çoxu (həqiqəti) bilmir. (Təfsirlərdə qeyd edilən bir rəvayətə görə, sərt davranmaqla bağlı bir ayə nazil olduğu zaman kafirlər: “Mühəmməd bu gün əmr etdiyini sabahısı gün qadağan edərək öz səhabələrini ələ salır”, - dedilər. Yuxarıdakı ayə onların bu iradlarına cavab olaraq nazil olmuşdur. Bu ayənin işarə etdiyi kimi Quranda bir ayənin digər bir ayənin hökmünü ləğv (nəsx) etməsi müsəlmanların mənfəəti üçündür. Bir ayənin nəsx edilib, onun yerinə başqa bir ayənin nazil edilməsi, Allahın elm sifətinə heç bir xələl gətirməz, əksinə Onun hər şeyə hakim olduğunu insanlara nəyin vaxt bildirilməli olduğunu yaxşı bildiyini göstərir.)
Kerbelayi Malik ağa:
Biz bir ayəni dəyişdirərək (onun) yerinə başqa bir ayə gətirdiyimiz zaman: ‘Allah nəyi endirəcəyini bildiyinə görə sən yalnız bir iftiraçısan.’ dedilər. Xeyr, onların çoxu bilmirlər.
Ələsgər Musayev:
Onda ki, Biz bir ayəti başqa ayətlə dəyişirik Allah bilir nazil edir deyirlər: «Həqiqətən, sən iftira edənsən!» Bəli, əksəriyyəti onların bilməz!
A.Mehdiyev və D.Cəfərli:
Biz bir ayənin yerinə başqa bir ayə gətirən zaman (hansısa bir ayəni hərfən ya məna baxımından nəsx edib başqa bir ayə gətirsək) Allah nazil etdiyini daha yaxşı bilir deyərlər: «Sən ancaq yalançı iftiraçısan.» (Elə deyil,) əksinə, onların çoxu bilmir.
Kövsər Tağıyev:
Biz bir ayəni dəyişdirib yerinə başqa bir ayə gətirdiyimiz zaman ki, Allah nəyi nazil edəcəyini çox yaxşı bilir onlar Peyğəmbərə: “Sən ancaq yalan uydurursan”, deyərlər. Xeyr, onların çoxu bilməzlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz bir ayəni digəri ilə əvəz etdikdə, - axı Allah nazil etdiyini daha yaxşı bilir! onlar deyərlər: "Sən ancaq yalan uydurursan". Xeyr! Onların çoxu (həqiqəti) bilmir.
Sabirə Dünyamalıyeva:
Biz bir ayə yerinə başqa bir ayə gətirdiyimiz zaman -Allah nazil etdiyini daha yaxşı bilməsinə baxmayaraq- onlar, "Sən, ancaq uydurursan" dedilər. İşin doğrusu, onların çoxu bilmir.