Əlixan Musayev:
Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl (sahibləri) Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbr edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır.
Bünyadov-Məmmədəliyev:
Yaxşı əməl heç də (ibadət vaxtı) üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda (və ya mal-dövlətini çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbr edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlardır. Müttəqi olanlar da onlardır!
Elmir Quliyev
:
Благочестие состоит не в том, чтобы вы обращали ваши лица на восток и запад. Но благочестив тот, кто уверовал в Аллаха, в Последний день, в ангелов, в Писание, в пророков, кто раздавал имущество, несмотря на свою любовь к нему, родственникам, сиротам, бедным, путникам и просящим, расходовал его на освобождение рабов, совершал намаз, выплачивал закят, соблюдал договора после их заключения, проявлял терпение в нужде, при болезни и во время сражения. Таковы те, которые правдивы. Таковы богобоязненные.
Ələddin Sultanov:
Yaxşı əməl (ibadət vaxtı) üzünüzü şərqə və qərbə tərəf çevirməyiniz deyildir. Yaxşı əməl sahibləri o kəslərdir ki, Allaha, axirət gününə, mələklərə, kitablara və peyğəmbərlərə inanar, mal-dövlətini sevməsinə baxmayaraq onu qohum-əqrəba, yetimlər, yoxsullar, yolda qalanlar, dilənçilər və qulların azad olunması üçün sərf edər, namazı qılar, zəkatı verər, əhd etdikləri zaman əhdlərinə sadiq qalar, darlıqda, çətinlikdə, eləcə də döyüş vaxtı səbir edərlər. Onlar sadiqlərdir, əsil müttəqilərdir.
Kerbelayi Malik ağa:
Üzlərinizi şərq və qərb tərəfinə çevirməyiniz (həqiqi imanı göstərən) birr (sizi əbrar edəcək davranış biçimi) deyil. Lakin birr insanın Allaha, yəvm'il axıra (hidayət gününə, vüslət gününə) mələklərə, Kitaba və peyğəmbərlərə iman etməsi və sevdiyi maldan qohumlara, yetimlərə, miskinlərə (çalışa bilməyən qocalara), yolda qalmış yolçulara, istəyən (möhtaclara), kölə və (xilas olmaları üçün) əsirlərə verməsi və namazı qılması, zəkatı verməsidir. (Allah və insanlarla) əhd bağladıqları zaman əhdlərinə vəfa edənlər (yerinə yetirənlər), çətinlikdə və darlıqda və şiddətli döyüş halında səbir edənlər, sadiq olanlardır. Onlar müttəqilərdir (təqva sahibi olanlardır).
Ələsgər Musayev:
Deyil yaxşılıq ki, çevirəsiniz vəchinizi qibləsinə
məşriqin və məğribin. Lakin yaxşılıq – kim inandı Allah ilə və
günü ilə axırın və mələklərə və kitaba və nəbilərə və əta edər
malı, Onun məhəbbəti üzərində yaxınlara və yetimlərə və
miskinlərə və yol oğluna və sual edənə və qullara və ayağa
qalxar islahata və əta edər zəkatı və vəfa edərlər əhdləri ilə
onda ki əhd etdilər və səbrlidirlər bədbəxtlikdə və zərərdə və
pislik vaxtında - həmin onlar o kəslərdir ki, sadiqlərdir və
həmin onlardır müttəqilər!
A.Mehdiyev və D.Cəfərli:
Yaxşılıq yalnız üzlərinizi (ibadət üçün) şərq və qərbə tərəf çevirmək deyildir. Lakin həqiqi yaxşılıq Allaha, axirət gününə, mələklərə, (səmavi) kitaba və peyğəmbərlərə iman gətirən (başlanğıc və məada, həmçinin bu ikisinin arasında olan etiqadi əsaslara iman gətirən), eləcədə də öz malını,çox sevməsinə (və ona ehtiyacı olmasına) baxmayaraq Allah eşqinə qohumlarına, yetimlərə, yoxsullara, yolda qalanlara, dilənçilərə və qullar(ın azad olunmasın)a verən, namaz qılan, zəkat verən, əhd-peyman bağlayan zaman öz əhdinə vəfalı olanlar, (məxsusən) maddi çətinlikdə, cismi zərərlərdə və cihad zamanı səbirli olan kəs(in iman və əməli)dir. Onlardır doğru danışanlar və onlardır təqvalılar! (Ümumiyyətlə yaxşılıq üç cəhətdən-etiqad, əməl və əxlaqdan ibarətdir.)
Kövsər Tağıyev:
Yaxşılıq üzlərinizi şərq və qərb tərəfə çevirməniz (dən ibarət) deyildir. Əsl yax-şılıq Allaha, axirət gününə, mələklərə, kitab və peyğəmbərlərə iman edənlərin, mal-dövlətə olan sevgilərinə baxmayaraq onu yaxınlara, yetimlərə, yoxsullara, yolda qalmışa, (möhtac olduğu üçün) istəyənə və (azadlığa qovuşmaları üçün) kölələrə verənlərin, namazı düzgün qılan, zəkatı verən, əhd bağladıqda sözlərini yerinə yetirənlərin və çətinlikdə, xəstəlikdə və savaşın qızışdığı zamanlarda (dözüb) səbir edənlərin hal və hərəkətləridir. Məhz bunlar doğru olanlardır. Allaha qarşı gəlməkdən çəkinənlər məhz onlardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Gerçək yaxşılıq (Möminlik) üzünüzü şərqə və qərbə tərəf çevirmənizdə deyildir. Lakin yaxşılıq (Möminlik) o kəslərdədir ki, onlar Allaha, axirət gününə, mələklərə, Kitaba və peyğəmbərlərə iman gətirir, öz malından ona (mala) olan məhəbbətinə baxmayaraq qohum-əqrabaya, yetimlərə, miskinlərə, yolçulara, dilənçilərə və kölələrə verir, namaz qılır, zəkat verir, etdikləri əhd-peymana sadiq olur, ehtiyacda, ağır məqamda və bədbəxtlik üz verəndə dözür. Onlar (imana) sadiq olanlardır, onlar müttəqilərdir.
Sabirə Dünyamalıyeva:
Üzünüzü şərq və qərb istiqamətinə çevirməyiniz "yaxşı adam" olmaq deyil. "Yaxşı adamlar" Allaha, Axirət gününə/Axırıncı günə, mələklərə, Kitaba, peyğəmbərlərə inanan; Allaha/mala/malını verməyə məhəbbəti olduğu halda öz malını qohumlara, yetimlərə, miskinlərə, yolçulara və dilənçilərə və azaldığını itirənlərə verən; səlatı yerinə yetirən [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını yaradan və yaşadan], zəkatı/vergini verən kəslərdir. Və vəd verdiklərində vədlərini əskiksiz yerinə yetirən, çətinlik, xəstəlik və müharibə zamanlarında səbr edən kəslərdir. Bax onlar, özü-sözü doğru olanlardır. Və bax onlar, məhz Allahın mühafizəsi altına daxil olan kəslərdir.