Əlixan Musayev:
Həqiqətən, Allah əksər döyüşlərdə, habelə Huneyn günündə də sizə kömək etmişdi. O zaman çoxluğunuza aludə oldunuz, amma (bu )sizin karınıza gəlmədi. Yer üzü, genişliyinə baxmayaraq, sizə dar gəldi, sonra geriyə çevrilib qaçdınız.
Bünyadov-Məmmədəliyev:
Allah sizə bir çox yerlərdə, həmçinin Hüneyn (vuruşu) günündə kömək etdi. O gün çox olmağınız xoşunuza gəlsə də, bir faydası olmadı, gen dünya sizə dar oldu (yer üzü genişliyinə baxmayaraq sizə dar gəldi), sonra dönüb qaçdınız.
Elmir Quliyev
:
Аллах одарил вас победой во многих местах и в день Хунейна, когда вы радовались своей многочисленности, которая ничем вам не помогла. Земля стала тесной для вас, несмотря на ее просторы, и вы повернули вспять.
Ələddin Sultanov:
Həqiqətən, bir çox yerdə, həmçinin Hüneyn günü (baş verən döyüşdə) Allah sizə yardım etmişdi. O zaman çoxluğunuz xoşunuza gəlmiş, ancaq bu sizə heç bir fayda verməmişdi. Genişliyinə rəğmən yer üzü sizə dar gəlmiş, sonra da geri dönmüşdünüz. (Məkkənin fəthindən sonra on iki minlik müsəlman ordusu Həvazin və Saqif qəbilələrinin üstünə hücum etmişdi. İslam ordusunun sayca çoxluğunu görən bəzi müsəlmanlar öz aralarında: “Bu ordu artıq məğlub olmaz!” - deyərək qürurlanmışdılar. Ancaq Hüneyn vadisində sayca az olan müşrik ordusu ilə qarşılaşdıqları zaman məğlub olmuşdular. Yuxarıdakı ayədə bu hadisəyə işarə edilir.)
Kerbelayi Malik ağa:
And olsun ki, Allah sizə bir çox döyüş yerində və Huneyn günü yardım etdi. Çoxluğunuz xoşunuza gəldiyi halda (xoşunuza gəlməsinə baxmayaraq), artıq sizə bir fayda vermədi. Yer üzünün genişliyinə baxmayaraq sizə dar gəldi. Sonra arxanıza geri dönüb qaçdınız.
Ələsgər Musayev:
Əlbəttə, Allah sizə çox yerlərdə kömək etdi və
Hüneyn günündə – onda ki, çoxluğunuz sizi məğrur etdi.
Amma o sizə fayda vermədi və o genişlikdə ərz sizə dar gəldi.
Sonra hamınız üz çevirib qaçdınız.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, Allah sizə bir çox yerlərdə, həmçinin Hüneyn günü - sayınızın çoxluğunun sizi məğrur etdiyi, amma sizdən (hadisə və əzabdan) heç bir şeyi dəf etmədiyi və yer üzü bütün genişliyi ilə sizə dar olduğu, sonra isə düşmənə arxa çevirərək qaçmağa üz qoyduğunuz zaman kömək etdi.
Kövsər Tağıyev:
And olsun, Allah bir çox yerdə və Hüneyn savaşı günü sizə yardım etmişdir. (O gün) çoxluğunuz sizə özünüzü bəyəndirmiş, lakin (bu çoxluq) sizə heç bir fayda verməmiş, yer üzü bütün genişliyinə rəğmən sizə dar gəlmişdi. Nəhayət, geri dönüb qaçmışdınız.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah sizə bir çox yerlərdə, (o cümlədən) Hüneyn döyüşündə kömək göstərdi. O zaman sayca çoxluğunuz özünüzü valeh etmişdi. Lakin bu sizə bir fayda vermədi. Yer üzü nə qədər geniş olsa da sizə dar gəldi. Sonra da siz arxaya dönüb qaçdınız.
Sabirə Dünyamalıyeva:
And olsun ki, Allah, bir çox yerdə və Hüneyn günündə[#406] sizə kömək etdi. O vaxt çox olmağınız sizdə arxayınlıq yaratmış, lakin onun sizə bir faydası olmamış və yer üzü genişliyinə baxmayaraq sizə dar olmuşdu. Sonra da arxa çevirərək qaçmışdınız.