Hud Surəsi 81. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Mələklər) dedilər: “Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə zərər yetirə bilməzlər. Gecənin bir vaxtında ailənlə birlikdə yola düş. Qoy içinizdən, arvadından başqa heç kəs dönüb arxaya baxmasın. Çünki onların başına gələcək müsibət onun da başına gələcəkdir. Onların (həlak olmaq) vaxtı səhərdir. Məgər səhər yaxın deyilmi?”
Bünyadov-Məmmədəliyev:
(Mələklər) dedilər: “Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə toxuna bilməzlər. Gecənin bir vaxtında ailənlə birlikdə çıx get. Heç kəs dönüb geri baxmasın. Təkcə övrətin istisnadır. Onlara toxunacaq əzab övrətinə toxunacaqdır. Onların (ölüm) vaxtı səhərdir. Səhər yaxın deyilmi?”
Elmir Quliyev :
Они сказали: Лут (Лот)! Мы посланцы твоего Господа, и они не причинят тебе зла. Отправляйся в путь вместе со своей семьей среди ночи, и пусть никто из вас не оглядывается. И только твою жену поразит то, что поразит остальных. Их срок выйдет утром. Разве утро не близко?"
Ələddin Sultanov:
(Mələklər) dedilər: “Ey Lut! Biz Rəbbinin elçiləriyik. Onlar əsla sənə dəyə bilməzlər. Arvadın istisna olmaqla, ailənlə birlikdə gecənin bir vaxtı yola çıx sizdən heç kim arxaya baxmasın! Onların düçar olacağı əzaba o (arvadın) da düçar olacaqdır. Həqiqətən, onlara vəd olunan əzabın vaxtı səhərdir. Səhər yaxın deyilmi?!”
Kerbelayi Malik ağa:
(Rəsullar belə) dedilər: ‘Ey Lut! Şübhəsiz ki, biz sənin Rəbbinin rəsullarıyıq (elçiləriyik). Onlar sənə əsla yetişə bilməzlər. Dərhal gecənin bir vaxtında zövcən xaric, ailən ilə gecə çıx get. Sizdən heç kim geri dönüb baxmasın. Çünki, onların başına gələn müsibət onun da başına gələcək. Şübhəsiz ki, onlara vəd edilən vaxt səhər vaxtıdır. Səhər vaxtı yaxın deyilmi?’
Ələsgər Musayev:
Dedilər: «Ay Lut! Həqiqətən, Biz sənin Rəbbinin rəsullarıyıq. Onlar sənə toxuna bilməzlər. Sən gecə çağı öz əhlini arvadından başqa, həqiqətən, onlara yetişən ona da yetişəcək götürüb get. Həqiqətən, onlara vəd olunan sübhdür. Ə, sübh yaxın deyilmi?
A.Mehdiyev və D.Cəfərli:
(Mələklər) dedilər: «Ey Lut, biz sənin Rəbbinin elçiləriyik. Onlar səni əsla ələ keçirə bilməzlər. Buna görə də, gecədən bir qədər keçmiş ailənlə birgə (məntəqədən çölə) yola düş, sizdən heç kəs yerdə qalmasın heç kim arxasına dönüb baxmasın zövcəndən başqa ki, şübhəsiz sənin qövmünə yetişəcək şey ona da yetişəcəkdir. Əlbəttə onların (əzablarının) vədə vaxtı səhərdir. Məgər səhər yaxın deyilmi?!»
Kövsər Tağıyev:
Qonaqları belə dedi: “Ey Lut! Biz Rəbbinin elçiləriyik. Onlar sənə əsla toxuna bilməyəcəklər. Gecənin bir vaxtında ailəni götür get. Aranızdan heç kim arxaya baxmasın. Ancaq arvadın istisnadır. (Onu qoy qalsın.) Çünki onların (qövmünün) başına gələcək əzab onun da başına gələcək. Onların əzabla qarşılaşacaqları vaxt səhər vaxtıdır. Səhər yaxın deyilmi?”
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar [mələklər] dedilər: "Ey Lut, biz sənin Rəbbinin elçiləriyik. Onlar sənə əsla bir xətər yetirə bilməzlər. Gecənin bir vaxtı ailənlə yola düş arvadından başqa qoy heç kim dönüb arxaya baxmasın; onların başına gələn onun [arvadın] da başına gələcəkdir. Onlar üçün təyin olunmuş vaxt sübh çağıdır; sübh yaxın deyilmi?"
Sabirə Dünyamalıyeva:
Qonaq elçilər dedilər: "Ey Lut! Şübhəsiz ki, biz sənin Rəbbinin elçiləriyik. Onlar sənə əsla toxuna bilməyəcəklər. Sən, gecənin bir vaxtında ailənlə birgə dərhal yola düş. içinizdən heç kəs geri baxmasın [burada olanları, keçmişdəkiləri düşünməsin], zövcəndən başqa. Şübhəsiz ki, onlara düşən şeydən onun da [payına] düşəcək. Şübhəsiz ki, vəd edilən vaxt səhər vaxtıdır. Sabah vaxtı yaxın deyilmi?" dedilər.